Logo

Əqli Mülkiyyət Agentliyi tərəfindən təlim keçirilib

19.04.2024 21:25 110 baxış
IMG

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli mülkiyyət aylığı” çərçivəsində “Azərbaycan Respublikasında ixtiraçılıq və patent analitikası” mövzusunda növbəti təlim keçirilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, tabelikdə olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin şöbə müdiri Sevinc Zeynalova Azərbaycanda ixtiraçılıq və patent analitikası, patent tədqiqatları, patent landşaftı və patent təmizliyi, beynəlxalq iddia sənədlərinin verilməsi, mahiyyət üzrə ekspertizanın aparılması və axtarışın aparılması qaydaları, qurğu obyektinə dair ixtira və faydalı modelin düsturunun yoxlanılması ilə bağlı xüsusi halların araşdırılması mövzularından məlumat verib və təlim iştirakçılarının suallarını cavablandırıb.

Tədbir iştirakçılarına, həmçinin “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun, Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması qaydası”nın və Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının tələbləri barədə geniş məlumat verilib. Eyni zamanda, təlim iştirakçılarının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Azərbaycanda ixtiraçılıq və patent analitikası”, əqli mülkiyyət üzrə tanınmış mütəxəssislərdən Y.Kupçovanın “Patent araşdırmaları”, V.Şvedovanın “Patent-informasiya tədqiqatlarının aparılması praktikası”, N.Popovun “Patent analitikasının əsasları” kitablarından daha dolğun bilgilər əldə edə biləcəkləri vurğulanıb.

Təlimdə Agentliyin struktur bölmələrinin, tabeliyində olan qurumlarının əməkdaşları və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Əqli Mülkiyyət Agentliyi aprel ayını “Əqli mülkiyyət aylığı” elan edib.

Xəbər lenti